Hesablanmış və bəyan edilmiş vergilər
Vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bildirişdə göstərilən müddətdə ödənilmədikdə, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə, məhkəmənin müvafiq qərarı olduqda həmin qərara uyğun olaraq və vergi ödəyicisinin yazılı razılığı olduqda vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra (ödəniş) sənədi olan sərəncam verə bilər. Vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq verilmiş sərəncamın icrasını təmin edir. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir.Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir.
Vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergi və ya cari vergi ödəməsinin ödənilməməsi
Vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur, bu faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.
Əmlakın siyahıya alınması
Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir.Əmlakın siyahıya alınması Vergi Məcəlləsinin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- nağd pul vəsaitləri;
- bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və s.);
- hazır məhsullar (mallar), habelə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər;
- istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər;
- inventarizasiya aparılmaqla digər əmlak.