Kommersiya və publik hüquqi şəxslərin (bundan sonra - hüquqi şəxs) ləğv edilməsi proseduru Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Vergi Məcəlləsinin müddəaları, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu, "Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları" ilə tənzimlənir.
Ərizənin təqdim olunduğu vergi orqanı:
Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, Ərazi Vergilər Baş İdarəsinin və Ərazi Vergilər İdarəsinin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla) (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır).
Hüquqi şəxsin ləğv edilməsi əsasları:
Mülki Məcəllənin 59-cu maddəsinə əsasən hüquqi şəxs aşağıdakı hallarda ləğv oluna bilər:
- Təsisçilərinin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanının qərarı ilə;
- Hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;
- Müflis elan olunduqda.
Ləğvetmə komissiyası təyin olunduğu gündən sonra 15 gün müddətində hüquqi şəxsin aşağıdakı sənədlərini qeydiyyat orqanına təqdim etməlidir:
- Ərizə ("Qurumun dövlət qeydiyyatından çıxarılması haqqında" Ərizə);
- Ləğvetmə barədə qərar;
- Ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat;
- Hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti (60 gündən az ola bilməz) haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd;
- Möhür.
Qeyd olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olmadıqda qeydiyyat orqanı 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeydi hüquqi şəxslərin dövlət reyestrinə daxil edir, ləğvetmə komissiyasının üzvlərini və ya təsviyəçini qanuni təmsilçi kimi qeyd edib reyestrdən çıxarışı təqdim edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində "ləğv prosesindədir" yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra "ləğv prosesindədir" sözləri əlavə edilir.
Ərizənin qəbulu zamanı yoxlanılmalı və məlumatlandırılmalı məsələlər:
Vergi ödəyicilərinin uçot məlumat bazasında dövlət qeydiyyatı və vergi uçotu ləğv edilən hüquqi şəxslər barədə aşağıdakı halların mövcud olub-olmaması yoxlanılmalı və yoxlamanın nəticəsi olaraq məlumatlandırılmalıdır:
- Qeydiyyatı və uçotu ləğv edilən hüquqi şəxsin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin mövcudluğu;
- Hüquqi şəxsin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması;
- Hüquqi şəxsin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyektinin olduğu yer üzrə vergi uçotunda olub-olmaması;
- Hüquqi şəxsin uçota alındığı təsərrüfat subyektinin olduğu yer üzrə nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması;
- Hüquqi şəxsin uçota alındığı təsərrüfat subyektinin olduğu yer üzrə POS-terminalının qeydiyyatda olub-olmaması;
- Hüquqi şəxsin aktiv bank hesablarının olub-olmaması;
- Hüquqi şəxsin dövlət büdcəsinə vergi borcunun olub-olmaması;
- Hüquqi şəxsin təqdim edilməmiş bəyannamələrinin olub-olmaması.
Hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün qeydiyyat orqanına təqdim olunan sənədlər:
Ləğvetmə komissiyası qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
- Ləğvetmə balansı;
- Qalıq əmlakın bölünməsi planını əks etdirən hesabat və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd (iştirakçılarla son hesablaşmanın aparıldığını təsdiq edən akt, iştirakçıya ayrılan məbləğin onun adına bankda açılmış hesaba ödənildiyini təsdiq edən hesabdan çıxarış, ödəniş sərəncamı və digər ödəniş sənədi);
- Hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin əsli, üzərində "ləğv prosesindədir" yazılmış möhür;
- Səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Maliyyə Bazarlarına Nəzarət Palatasının arayısı.
Hüquqi şəxsin ləğv olunması üçün müddət:
Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğvetmə prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. Bu halda hüquqi şəxslərin dövlət reyestrindən hüquq şəxsin ləğvetmə prosesində olması barədə qeyd çıxarılmaqla, təqdim edilmiş sənədlər bildirişlə ləğvetmə komissiyasına təqdim olunur.