Deyirlər ki, xahiş etməyənə qədər heç kəsə məsləhət verməzlər, amma unutmayaq ki, məsləhət və məşvərət etmək doğru yol tapmağın gözüdür. Yalnız öz rəyi və fikri ilə kifayətlənən şəxs özünü təhlükəyə atmışdır...həm də tək özünü yox!
Bilirsinizmi ki startapların 10%-i yarandıqdan sonrakı ilk 1 il, 70%-dən çoxu isə yarandıqdan sonrakı ilk 2 il və ya ən geci 5 il ərzində iflasa uğrayır? Səbəblər müxtəlifdir: rəqabətə davamlılığın olmaması, zəif marketinq, büdcə azlığı və ən əsası isə - 40%-dən çox hallarda - bazar tələbinin düzgün dəyərləndirilməməsi.
Qayıdaq mövzumuza. Unikal ideyamız var. Bəs necə edək ki, bizim startap biznesimiz yuxarıda sadaladığımız "uğurlara" imza atanlar arasında olmasın?
“Pulun deyil, vizyonun arxasınca get, pul səni izləyəcək.” — Tony Hsieh (qurucu / CEO)
Heç birimizə gizlin deyil ki, bizneslərin əsas yaranma səbəblərindən biri və ən böyüyü, sahibkarların stimul mənbəyi - pul qazanmaq, el dili ilə desək, ağ günə çıxmaqdır. Yəqin təsdiq edərsiniz: normal olaraq praqmatik düşüncə tərzimiz bizi məcbur edir ki, minimum xərclə maksimum gəlir əldə etməyin yollarını axtararaq biznes strategiyamızı bu yöndə planlayaq və tətbiq edək, elədir?
Praktika əksini təsdiq edir!
Uzunömürlü və davamlı olaraq artmaqda olan yüksək gəlirli biznes sahibi olmaq arzusundasınızsa "əlinizin cibinizdə olması" mütləqdir. İcazənizlə, bir neçə məsləhət:
1. Hara gedəcəyini bilmirsənsə, hansı yolla gedəcəyinin mənası yoxdur.
Qarşımızda realistik hədəflər qoymadığımız təqdirdə bir müddət sonra biznesimizin qarşısındakı yol dumanlanacaq və yolumuzu itirəcəyik. Real hədəflər təyin etmək üçün isə, bazar tələblərindən xəbərdar olmaq sadəcə olaraq mütləqdir. Hərtərəfli bazar araşdırması aparmadan bazara daxil ola bilsəniz belə, bazarda "sağ qalmağ"a ümid etmək xəyaldan fərqsizdir. Bazara giriş və bazar imkanlarının araşdırılmaması, istehlakçı davranışlarını təhlil etməmək startapların 42%-nin sonunu gətirən səbəblərdəndir. Buna görə də siz siz olun, bazar araşdırması etmədən oyuna daxil olmağı ağlınıza belə gətirməyin!
2. Açılmayan qapı yoxdur, səhv seçilən açar var..Düzgün marketinq strateqiyası bütün qapıları üzünüzə açacaqdır!
Düzgün bazar araşdırmasından sonra gələn növbəti addımımız marketinqdir. Bilirdinizmi ki, kiçik biznes sahiblərinin 92%-i SEO-yönümlü veb sayt sahibi olmağın effektiv rəqəmsal marketinq taktikası olduğunu düşünür?..və yanılmırlar. Doğru auditoriyanı hədəfləmək üçün düzgün açar sözlərdən istifadə və müntəzəm olaraq yüksək keyfiyyətli məzmun istehsal etmək potensial müştərilərin sayını kəskin şəkildə artırır. Keyfiyyətli, optimallaşdırılmış veb saytın yaradılması prioritetləriniz arasında olsun!
3. Baş-başa verməyincə daş yerindən qalxmaz - komanda yoldaşlarınızı yaxşı seçin!
Komanda daxilində çəkişmələr və motivasiyanın olmaması komandada problemlər yarada bilsə də, daha az "ölümcüldür". Komanda üzvlərinin əlaqəli sahədə yetərli biliklərinin olmaması, marketinq biliklərinin (və planlarının) olmaması, texniki biliklərin olmaması və nəhayət, biznes biliklərinin olmaması kimi problemlər isə biznesinizin sonunu gətirə bilər. Buna görə də "dostlarınızı" yaxşı seçin və komanda problemləri səbəbilə sonu gələn 23% startap arasında olmayın!
4. Həyatda ideal və hədəflərimiz olmazsa, varlığımızın mənası da olmaz.
Varlığımıza anlam qatan - bizi biz edən - dəyərlərimiz, hədəflərimizdir. Startapınızı dillərə dastan bir marka halına gətirmək istəyirsinizsə, bilməlisiniz ki, markanızı digərlərindən fərqləndirən, maddi faydadan daha ali bir məqsədə xidmət edən idealı olmalıdır. Çünki dövr emosiyalara, insani instinktlərə qayıdış dövrüdür. İnsanlar qarşılaşdıqları markaları da artıq özləri kimi - insan - olaraq görür. Buna görə də, təbiidir ki, qayəsi özündən daha ali məqsədə xidmət etmək olan insanın xüsusiyyətlərini markalarda da görməli olduqlarını düşünürlər. Əgər bunun sizi gəlir-fokuslu fəaliyyətdən yayındıraraq "baha başa gələcəyini" düşünürsünüzsə, nəzərə alın: 10 ili əhatə edən bir araşdırma nəticəsində məlum olmuşdur ki, idealı olan markalar digərlərinə nisbətdə 400% daha çox qazanc əldə etmişlər. Daha uzun müddətdə isə bu faiz daha da yüksəlir.
Unutmayın ki, qurucu olaraq həyata keçirə biləcəyiniz ən faydalı fəaliyyət – sizdən öncəkilərin müvəffəqiyyətsizliklərindən dərs çıxararaq öz biznesinizə tətbiq edə etməniz, uğursuzluqlardan “məsləhət” almağınız olacaqdır!