Mənfəət vergisi nədir?
Vergi ödəyicisinin gəliri (vergidən azad edilən gəlirdən başqa) ilə gəlirdən çıxılan xərci arasındakı fərq onun mənfəətidir. Mənfəətdən ödənilən vergiyə mənfəət vergisi deyilir.
Vergi ödəyiciləri kimlərdir?
Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisinin ödəyiciləridir. Fiziki şəxs olmayan hər hansı xarici şəxs birgə sahibkarlıq fəaliyyətinin obyekti olmadığını sübut etməyincə, ona mənfəət vergisinin ödəyicisi olan müəssisə kimi baxılır. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri mənfəət vergisinin ödəyiciləri deyildirlər
Vergitutma obyekti
Rezident müəssisə üçün vergitutma obyekti həm Azərbaycan Respublikasındakı, həm də onun hüdudlarından kənardakı mənbələrdən əldə edilmiş mənfəətdir.
Qeyri-rezident müəssisələr üçün vergitutma obyekti isə yalnız Azərbaycan Respublikasındakı mənbələrdən əldə edilmiş mənfəətdir. Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisənin daimi nümayəndəliklə bağlı əldə etdiyi mənfəətindən vergi tutulur.
Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir.
Qeyri-rezidentin daimi nümayəndəliklə bağlı olmayan ümumi gəliri isə xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur.
Qeyri-rezident müəssisənin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə bağlı olmayan əmlak təqdim etməsindən təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirindən
Verginin dərəcələri
Müəssisənin mənfəətindən 20 faiz dərəcə ilə vergi tutulur. Qeyri-rezident hüquqi şəxslərin daimi nümayəndəliklə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən (ƏDV və aksizlər çıxılmaqla) ödəmə mənbəyində aşağıdakı dərəcələrlə vergi tutulur:
● rezident müəssisə tərəfindən ödənilən dividenddən -10 %;
●rezident banklarına, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezidentin banklarına, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident müəssisə tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən – 10 %;
● rezident müəssisənin riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri - 4 %;
● Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin ödəmələrindən - 6 %;
● icarə haqqından və royaltidən - 14%;
● idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən - 10 %;
● siyahısı hər il müvafiq Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən olunan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyrirezidentlərin daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən - 10 %;
● digər işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə edilən, habelə Azərbaycan mənbəyindən əldə edilən sair gəlirlərdən - 10 %;
● rezident müəssisəsinin muzdlu işlə əlaqədar ödədiyi gəlir – aylıq gəlir vergisinin dərəcələrinə uyğun olaraq. Qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən ödəmə mənbəyində həmin qeyri-rezidentə köçürdüyü hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.