Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən:
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri vergidən azaddır (106.1.9-cu maddə).
Məcəllədə göstərilir ki:
- müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən, bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri vergidən azaddır (106.1.10-cu maddə).
Bu maddələrdən çıxarılan nəticəni bir çoxumuz növbəti şəkildə anlayırıq:
- bütün hüquqi şəxslər tərəfindən onun özünün və tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri və ya bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri birmənalı şəkildə mənfəət vergisindən azaddır.
Lakin qeyd olunan maddələri ətraflı şəkildə incələdikdə aşağıda qeyd etdiyimiz sualların yaranması qaçınılmazdır:
1. maddələrdə qeyd olunan “müvafiq icra hakimiyyəti” dedikdə nəzərdə tutulan qurum hansıdır?
2. Həmin qurumlar tərəfindən bu maddənin tələbini tənzimləmək üçün qəbul edilmiş Qərarın məzmunu nədən ibarətdir?
3. Yuxarıdakı bənddə sözü gedən Qərarda nəzərdə tutulmuş hüquqi şəxslər kimlərə aid olunur?
Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.12.2012-ci il tarixli 762 nömrəli Qərarı ilə "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları hallarının müəyyən edilməsi Qaydaları" təsdiqlənib.
Həmin Qaydaların 2.2-ci və 3.2-ci bəndinə əsasən, qeyd olunan hallarla bağlı qərar yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilərək fəaliyyət göstərən, idarəetmə yeri Azərbaycan Respublikasında olan, Azərbaycan Respublikası Prezidentinin aktivlərin verilməsi səlahiyyətini həvalə etdiyi və payları 100% dövlətə məxsus hüquqi şəxs (bundan sonra-hüquqi şəxs) tərəfindən qəbul edilə bilər.
Göründüyü kimi, Vergi Məcəlləsinin 106.1.9-cu və 106.1.10-cu maddələrin müddəaları bütün hüquqi şəxslərə deyil, yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilərək fəaliyyət göstərən, idarəetmə yeri Azərbaycan Respublikasında olan, Azərbaycan Respublikası Prezidentinin aktivlərin verilməsi səlahiyyətini həvalə etdiyi və 100% dövlətə məxsus hüquqi şəxslərə şamil edilir.